Siyəzəndə Polis Akademiyasına qəbulla bağlı növbəti görüş keçirilib - FOTO
DİN-in Polis Akademiyasında təhsilə təşviqlə bağlı Siyəzən rayonunun Gənclər mərkəzinin inzibati binasında rayon məktəblərinin 11-ci sinif şagirdləri və onların valideynləri ilə görüş baş tutub.
Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə çıxış edən Siyəzən RPŞ-nin rəisi, polis polkovniki Xəqani Məmmədov məktəblilərə sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi, xalqımızın tarixi keçmişi, ölkəmizdə yaradılan sabitlik, asayiş barədə danışıb. O, ölkəmizin daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi, vətənə xidmətin şərəfli olması barədə yeniyetmə və gənclərimizlə söhbətlər aparıb.
O, ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verib, qocaman təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Akademiyaya kursant qəbulu qaydaları ilə bağlı abituriyentlərin suallarını cavablandıran polis polkovniki orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışıb.
Sonda şagirdlərin sualları cavablandırılıb.
Xəbəri paylaş