Sakit Məmmədov: Heydər Əliyev bütün mənalı həyatını canından artıq sevdiyi doğma xalqına həsr etmişdir
Bu qiymətli ömrün hər anı, hər dəqiqəsi vətənə, millətə sədaqətlə xidmətin əsl təntənəsi idi. Onun dünyaya gəlişi bir evin, bir ailənin sevinciydisə, həyatı, səmərəli fəaliyyəti isə bütöv bir xalqın keşməkeşli yoluna nur saçan parlaq mayak oldu.
Xalqını sonsuz məhəbbətlə sevən, azərbaycanlı olmağı ilə həmişə qürur duyan Heydər Əliyev bütün zamanların ən böyük azərbaycanlısı olmuşdur. Azərbaycançılıq onun qanında, ruhunda, mayasında idi. Bu gün biz gündəlik həyat və fəaliyyətimizin hər addımında O dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq.
Azərbaycanı dünyaya tanıdan, dünyada ən böyük azərbaycanlı kimi tanınan, xalqımızın, dövlətimizin xilaskarı, hər birimizin qəlbində əməlləri ilə yaşayan Heydər Əliyevin həyatı və irsi barədə düşünərkən gözlərimiz önündə onun heyrətamiz intellekti, işıqlı ideyaları, xüsusilə dəyərli əxlaqi və siyasi siması canlanır. Etiraf etmək lazımdır ki, özünün böyük həyatı və zəngin fəaliyyəti boyu Heydər Əliyevin xalqımız və dövlətimiz üçün etdiklərini ondan əvvəlki dövlət adamlarımız, ictimai-siyasi xadimlərimiz edə bilməmişlər.
Danılmaz həqiqətdir ki, Heydər Əliyev bugünkü Azərbaycanın inkişafının təməlində dayanan bir amildir. İstənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq.
Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi.O, qüdrətli dövlət xadimi, siyasət nəhəngi kimi həmişə yüksəklikdə qərar tuturdu. Onun siyasi iradəsinə, peşəkar dövlətçilik bacarığına dünyanın məşhur dövlət xadimləri həsəd və heyranlıqla böyük qiymət vermişlər.
Təsadüfü deyildi ki, Amerikanın Prezidenti Bill Klinton: Heydər Əliyev təkcə Azərbaycanı, Amerikanı yox, bütün dünyanı idarə etməyi bacaran bir siyasi xadimdir.
Keçmiş SSRİ Dövlət Plan Komitəsinin Sədri Nikolay Baybakov: Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram demişdir.
Heydər Əliyev zamanın ən ağır sınaqlarında Azərbaycanı gözlənilən ən ciddi təhlükələrdən hifz edib qorumağı bacarmış xilaskar oğuldur. Azərbaycanın dövlətçilik tarixində qırmızı xətt kimi keçən Heydər Əliyev həmişə böyük ideallarla yaşayıb. Uca vəzifə kreslosunda əyləşib böyük səlahiyyətlərə sahib olanda da, SSRİ kimi qüdrətli bir dövlətin idarə edilməsindən M.Qorbaçovun siyasi qısqanclığı nəticəsində uzaqlaşdırılıb ətraf aləmdən təcrid olunanda da Heydər Əliyev xalqından, mənsub olduğu millətin taleyindən heç vaxt ayrı düşməyib.
Məlumdur ki, Heydər ƏIiyev respublikamıza müxtəlif ictimai-siyasi formasiyalarda rəhbərlik etmişdi.O, ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə ölkəmizin tərəqqisinə böyük önəm verib. Məhz Heydər Əliyevin rəhbərliyi altında siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyasının bərqərar olunması nəticəsində bu gün Azərbaycan inkişaf edən bir ölkəyə çevrilib.
Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir.
Hələ dövlət təhlükəsizlik sistemində çalışarkən bu mühüm dövlət strukturunda azərbaycanlı kadrların azlığı onu ciddi narahat edirdi. Respublika Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edərkən Heydər Əliyev bu “boşluğu” bacarıqla doldurdu. Bu həmin illərin ən böyük nailiyyətlərindən idi. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi. Bundan başqa aşınmaya məruz qalmış milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz, dilimiz, bir sözlə, xalqımızın mənsub olduğu özünəməxsus xarakterik xüsusiyyətlər bərpa edildi. Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu alması təsdiq olundu. Bu məsələni ona görə xüsusi olaraq vurğulayıram ki, o zaman ittifaqın iri respublikaları öz dillərini dövlət dili statusuna qaldıra bilməmişdir. Əgər ulu öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışmaq çətin olardı. Tarixin sonrakı gedişi də sübut etdi ki, Heydər Əliyev müstəqil Azərbaycanı hələ Azərbaycana rəhbərlik etdiyi birinci dövrdən qurmağa başlamışdır. Ümummilli lider gənclərlə bağlı məsələləri hər zaman öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları açılıb, gənclik mərkəzləri yaradılıb. Hər zaman uzaqlara baxan Heydər Əliyev məhz o illərdə Azərbaycanın müstəqillik qayğıları barədə düşünür, hər şeydən öncə milli kadrlar hazırlanmasına böyük önəm verirdi. Ulu öndərin təşəbbüsü ilə Moskvanın, Leninqradın, Kiyevin və ölkənin digər şəhərlərindəki nüfuzlu ali məktəblərdə təhsil almağa hər il Azərbaycandan çox sayda gənclər göndərilirdi. Müstəqil Azərbaycan dövlətinin malik olduğu indiki güclü kadr potensialı müdrik dövlət xadiminin uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi özünün yüksək zirvəsinə çatdı. Bu dövrdə Heydər Əliyev doğma xalqının önündə gedərək Azərbaycanı tarixin ən qanlı burulğanından çıxara bildi. Vətənin qurtuluş savaşına başçılıq etdi və Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil oldu. Azərbaycan xalqının xilaskar oğlu o tarixi gəlişi ilə hər şeyi yerbəyer etdi. Sabitlik və əmin-amanlıq yarandı. Ən əsası dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamını özünə qaytardı. “Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. “Əsrin kontraktı”nın imzalanması ölkəmizin uğurlu inkişafına təkan verdi. Çünki o vaxt xəzinə boş idi, inkişaf üçün də heç bir imkan yox idi. Belə bir vəziyyətdə xarici böyük neft şirkətlərini Azərbaycana cəlb etmək əlbəttə ki, böyük müdriklik, bacarıq, səriştə və siyasi təcrübə tələb edirdi. Ölkədə neft sənayesinin qurulmasına yatırılan beynəlxalq sərmayələr Azərbaycanın siyasi, iqtisadi və elmi–mədəni həyatında dinamik inkişafı, gerçək bir sıçrayışı labüd etdi. 1995-ci ilin mart ayında o böyük qəlbli dahi insanın gənclərlə yaddaşlarda daim qalacaq ilk görüşü oldu. Bu görüşdə Ümummilli lider hər zaman Azərbaycan gənclərinin yanında olacağını, onların dəyərli vətəndaş kimi yetişməsi üçün əlindən gələni edəcəyini bildirdi. 1996-cı ilin fevral ayının 2-də Ümummilli liderin təşəbbüsü ilə Azərbaycan gənclərinin ilk forumu keçirildi. Forumda Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan genişmiqyaslı gənclər siyasətinin dəqiq konturlarının müəyyənləşdirilməsi gənclərdə sabaha böyük ümidlər yaratdı, hər bir gənc Ümummilli lider Heydər Əliyevin simasında etibarlı himayədarının olduğunu dərk etdi. Belə ki, Azərbaycanın müxtəlif bölgələrindən olan 2 minədək gəncin iştirakı ilə keçirilən forumda hər şeydən öncə Vətənini sevən, milli dəyərləri və dövlətçilik prinsiplərini hər şeydən uca tutan, yüksək bilik və bacarıqlara malik gənc nəslin yetişdirilməsi ilə bağlı ayrı-ayrı dövlət orqanlarının üzərlərinə düşən vəzifələr və məsuliyyət müəyyənləşdirildi. Bununla da Azərbaycanda uğurlu gənclər siyasətinin əsası qoyuldu. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. O, azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən Heydər Əliyev azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.
Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi.
Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürərək, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. Ümummilli lider xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləmişdir. Ulu öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda, Vətənlə - doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır.
1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdir: "Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan". Bu gün siyasi baxışlarından asılı olmayaraq, hamı etiraf edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Ən yüksək tribunalardan böyük iftixarla “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” söyləyən O böyük şəxsiyyət böyük memar kimi Azərbaycanı qurdu, yaratdı, yaşatdı və bütün dünya xalqları ilə ünsiyyət, dostluq yollarını möhkəmləndirdi. Ulu öndərin Vətənə, xalqa sonsuz məhəbbətindən qaynaqlanan bir fikri — Nə qədər Azərbaycan dövləti, Azərbaycan xalqı var, mən də olacağam, – sözləri bütün zamanlar üçün çox aktualdır. O böyük insanın hər sözü, hər kəlməsi böyük məna yükü daşıyır. Müəllifi olduğu siyasi kurs, yaratdığı ideyalar zaman–zaman gerçəkləşir. Heydər Əliyevin şərəfli ömür yolu Vətəninə, xalqına bağlı hər bir azərbaycanlı üçün bu gün canlı örnəkdir. O, qüdrətli dövlət xadimi, sadə bir azərbaycanlı kimi könüllərdə özünə əbədiyyət qazanmışdır. O böyük insan özündən sonrakı nəsillərə düzgün bir yol qoymuşdur. Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycan hər addımda daha da güclənir, qüdrətlənir. İndi hər birimizin qürur mənbəyinə çevrilmiş
Bu gün Heydər Əliyev siyasəti yaşayır və qalib gəlir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflər gerçəkləşir. Müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyatına qovuşmasına əminlik yaradır.
Sakit Məmmədov
Goranboy rayon ziyalısı.
Xəbəri paylaş