Ağstafada “Sərhəd Pələngi” filminin nümayişi keçirilib - FOTO
Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin xatirəsinə həsr olunmuş “Sərhəd Pələngi” filminin nümayişi keçirilib.
Mubarizciler.az xəbər verir ki, Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunan filmin təqdimatında RİH başçısı Seymur Orucov, şəhid Qəhrəmanın atası Nazim Yusifli, yaxınları, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, rayonun hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
28 mart 1994-cü il tarixində Ağstafanın Böyük Kəsik kəndində dünyaya göz açan Azər Yusifli Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin baş giziri idi. O, 2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda Sərhəd Xidmətinə məxsus, xüsusi təlim keçmiş xüsusi təyinatlı kəşfiyyat dəstəsi torpaqların azad olunması üçün ön sırada xidmətə yollanır. Azər Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilanın azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərir. Müharibənin ilk həftəsində yaralanıb hospitalda müalicə almalı olsa da cəmi üç gün sonra tam sağalmamış yaralarını sarıyıb döyüş yoldaşlarının sıralarına qoşulmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Azər Nazim oğlu Yusifliyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. Digər Sərəncamlarla "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Azər müxtəlif illərdə Dövlət Sərhəd Xidməti rəisinin əmrlərinə əsasən "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif olunub.
Xəbəri paylaş