Daşkəsəndə şəhid Mikayıl Mustafayevin 50-ci doğum günü qeyd olunub FOTOLAR
Daşkəsəndə Birinci Qarabağ müharibəsi şəhidi Mikayıl Mustafayevin 50-ci doğum günü qeyd olunub.
Mubarizciler.az xəbər verir ki, Oktyabrın 3-də Birinci Qarabağ müharibəsi şəhidi Mustafayev Mikayıl Murtuzəli oğlunun 50-ci doğum günü Daşkəsən Şəhidlər Xiyabanında məzarı başında keçirilib. Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları, qazilər, məktəblilər və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı ziyarət edilərək tər gül dəstələri düzülüb, dualar oxunub, xatirəsi ehtiramla anılıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayon ictimaiyyəti adından şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verib, Mikayıl Mustafayevin keçdiyi şərəfli döyüş yolundan söz açıb. İcra başçısı Orxan Abbasov vurğulayıb ki, Müzəffər Ali baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərlə bütün şəhidlərimizin, o cümlədən Mikayıl Mustafayevin qanı yerdə qalmamış, torpaqlarımızın ərazi bütövlüyü və dövlətimizin suverenliyi təmin olunmuşdur.
Digər çıxış edənlər də şəhid Mikayıl Mustafayevlə bağlı xatirələrini bölüşüblər. Tədbirə gələn məktəblilər vətənpərvərliyə və qələbəyə aid şeirlər səsləndiriblər.
Şəhidin anası Lətifə Mustafayeva ailəsinə hər zaman göstərilən qayğıya, həssas münasibətə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Xəbəri paylaş