1993-cü ilin 3 oktyabrı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb
1993-cü ilin 3 oktyabrı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.
Həmin gün ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar ölkəmizin həyatında yeni bir inkişaf mərhələsi başlayıb, xalqımız gələcək taleyini, müqəddəratını həll edib.
Ulu Öndərin 28 il bundan əvvəl mütləq səs çoxluğu ilə Prezident seçilməsi sonrakı dönəmdə Azərbaycanı üzləşəcəyi bir çox bəlalardan xilas etdi, xalqımızın qurtuluş yoluna aydınlıq gətirdi, respublikamızı daxili və xarici qüvvələrin yaratdığı təlatümlərdən qorudu, yenicə qovuşduğu kövrək müstəqilliyinin, dövlətçilik prinsiplərinin qorunmasını şərtləndirdi.
Ümummilli Lider 1993-cü il 3 oktyabr tarixi prezident seçkilərində 98.84 faiz səs əldə etməklə – böyük üstünlüklə qələbə qazanması təsadüfi deyildi. Çünki o dövrdə Azərbaycanın hər bir vətəndaşı onu qarşıdakı ağır sınaqlardan, böhrandan çıxara, xilas edə biləcək şəxsiyyətin yalnız Heydər Əliyev olduğunu anlayırdı. Xalqımız Ümummilli Liderin qurucu, yaradıcı olduğunu yaxşı bilirdi, sabah hansı çətin, mürəkkəb hadisələrlə rastlaşacağı təqdirdə onu bu çətinliklərdən qurtara biləcək qüvvənin məhz dahi Heydər Əliyev olduğunu dərindən dərk edirdi.
1993-cü il 3 oktyabr tarixindən sonra Azərbaycanın siyasi-ictimai həyatında baş verən hadisələr xalqımızın belə bir seçim aparmasında yanılmadığını, sabahı, gələcəyi dürüst müəyyənləşdirdiyini təsdiqlədi. Çünki Ümummilli Liderin ölkə rəhbərliyinə gəlməsi üçün səs verən hər bir şəxs Azərbaycanın müstəqillik yolunda inamla irəliləməsi, ərazi bütövlüyünün qorunması kimi taleyüklü məsələlərin həllində möhkəm siyasi iradəyə və yüksək nüfuza, idarəçilik istedadına malik olan Heydər Əliyev şəxsiyyətinin, müdrikliyinin önəmli rol oynayacağını dərindən bilirdi.
Xalqımız bu düşüncələr içərisində keçmişi, ötənləri də yaddan çıxarmırdı: Heydər Əliyev 1969-cu ildə respublika rəhbərliyinə təyin ediləndə Azərbaycan sosial-iqtisadi sahələrdə böhran yaşayırdı, xalqın maddi-rifahı ağır idi. Ölkə sənayesi, kənd təsərrüfatı tənəzzüllə üzləşmişdi. Kənd və şəhərlərimizdə quruculuq, müasirləşmə demək olar ki, yada düşmürdü. Lakin dahi şəxsiyyətin qısa müddətdəki səmərəli, gecə-gündüzlü yorulmaz, gərgin fəaliyyəti Azərbaycanı başdan-başa gülüstana, tikinti-quruculuq meydanına çevirdi, sənayedə, aqrar sahədə parlaq göstəricilər əldə edildi. İnsanların sosial şəraiti əsaslı şəkildə yaxşılaşdırıldı. Dahi rəhbər sonrakı mərhələdə Moskvada ali rəhbər vəzifədə olarkən də Azərbaycanı unutmadı, onun daha da çiçəklənməsi, qüdrətlənməsi istiqamətində önəmli işlər gördü.
Azərbaycanın müstəqilliyinin ilk illərində xalqımızın başına müsibətlər gətirildi. Hakimiyyət, vəzifə hərisləri arasında kürsü davası aparıldı. Vəzirov-Mütəllibov rejiminin, Xalq Cəbhəsi-Müsavat cütlüyünün bacarıqsızlığı, səriştəsizliyi üzündən ölkə gündən-günə zəiflədi, qarşıdurmalar vətəndaş müharibəsi həddinə çatdı. Erməni seperatçıları respublikada yaşanan bu durğunluq və özbaşınalıqdan yararlanaraq, torpaqlarımızın 20 faizini işğal etdi. Amma bu, bir həqiqətdir ki, əgər o dövrdə ölkədə sağlam düşüncəyə əsaslanaraq, Ulu Öndər respublika rəhbərliyinə dəvət edilsəydi, Azərbaycan qanlı faciələr yaşamazdı, xəyanətlərin acısını çəkməzdi, ərazilərimizin böyük bir hissəsi erməni faşizminin tapdağında qalmazdı.
Ümummilli Liderin 1993-cü il oktyabrın 3-də prezident seçkilərində böyük üstünlüklə səs çoxluğu əldə edərək Azərbaycanda rəhbər fəaliyyətinə başlaması ilə xalqımız böyük bəlalardan, faciələrdən qorundu, ölkə sabitlik, iqtisadi inkişaf yoluna çıxdı, qlobal enerji-kommunikasiya layihələrinin reallaşdırılmasına başlandı. Bununla da müstəqil Azərbaycanda dahi Heydər Əliyevin ölkəyə rəhbərliyi timsalında Vətənə sədaqətlə xidmətin əyani nümunəsinin əsası qoyuldu.
Ümummilli Lider prezident seçkilərindən sonra, oktyabrın 10-da keçirilən andiçmə mərasimində çıxış edərək deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə, Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.
Tarix Ulu Öndərin verdiyi bu anda sadiq olduğunu sübut etdi. Ümummilli Lider yenidən hakimiyyətdə olduğu illərdə Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırıldı. Respublikanın inkişafında yeni tarixi mərhələ başlandı. Müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin gerçəkləşməsi prosesi əsaslı şəkildə sürətləndi, ölkədə qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilərək, dövlət çevrilişlərinin qarşısı alınaraq, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpasına və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınmasına prioritet istiqamət kimi yanaşıldı. Bu məqsədlə ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.
Bütün bunlarla bərabər, ölkənin qüdrətini artıran beynəlxalq iqtisadi təşəbbüslərin reallaşdırılması istiqamətində mühüm uğurlara imza atıldı. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi ilə Azərbaycanın iqtisadi-siyasi uğurunun, beynəlxalq əməkdaşlığının təməl prinsipinin əsası qoyuldu.
Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyası yeni mərhələyə daxil oldu. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrildi.
Ulu öndər Heydər Əliyev tərəfindən müstəqil Azərbaycan dövlətinin sütunlarını möhkəmlətmək üçün müstəqil dövlət təsisatları quruldu, ilk milli Konstitusiyamız qəbul edildi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi istiqamətində önəmli layihələr gerçəkləşdirildi.
Azərbaycanın sürətli inkişafı son 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən dövlətimizin başçısı ötən müddətdə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilib. Cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunda prioritetlik təşkil edən sülh, sabitlik və tərəqqi yolunda uğurlu nəticələrə nail olub, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyasını gerçəkləşdirib. Son 18 ilin uğurları sırasında isə ötən il sentyabrın 27-də Ermənistanın Azərbaycana hücumu nəticəsində Silahlı Qüvvələrimizin əks-həmlə əməliyyatları ilə Vətən müharibəsinə başlanması və bu savaşda əldə edilən möhtəşəm Qələbə ilə ərazi bütövlüyümüzün bərpa olunması xüsusi yer tutur.
Bu möhtəşəm Zəfərlə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev respublikamıza rəhbərliyi dönəmində verdiyi bütün vədlərdə olduğu kimi, Qarabağı qəsbkardan azad edəcəyi sözündə də sadiqliyini təsdiqlədi, Azərbaycan xalqına və dövlətinə tarixdə bənzəri olmayan bir qalibiyyət yaşatdı.
Xəbəri paylaş