Xəbər lenti

Prezident İlham Əliyev: “Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”

Tarix: 01-10-2024 14:07     Baxış: 175

Möhtərəm Prezident cənab  İlham Əliyev tərəfindən 3 il əvvəl, Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün iki Sərəncam imzalanmışdı. Sərəncam əsasında,  Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi.Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir.1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü də Sovet İttifaqı miqyasında və bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar. Qarabağda, Şərqi Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bu praktika yeni deyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi. Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub. 97 yaşında öz torpağından köçməyə məcbur olmuş insan 100 yaşında yenə də bütün təhlükələrə baxmayaraq, - o vaxt hələ o təhlükələr tam sovuşmamışdı, - yenə də öz Vətəninə qayıtmışdır. Xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar.Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Antiterror əməliyyatından keçən il ərzində biz bunu görürük. Daha böyük sanksiyaların tətbiq edilməsi üçün böyük dövlətlər bizə qarşı müxtəlif beynəlxalq platformalarda açıq hücuma keçmişdilər, soyuq müharibə başlamışdır. Bu gün də bu, davam edir.Bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. Qarabağı, Şərqi Zəngəzuru azad etmək, suverenliyi tam bərpa etmək Azərbaycan xalqının iradəsi hesabına, qəhrəman övladlarımızın qəhrəmanlığı, şücaəti hesabına mümkün olmuşdur. Bizim təqvimimizə kədərli 27 Sentyabr günü ilə bərabər, iki bayram günü də əlavə edildi – 8 Noyabr və 20 Sentyabr günləri. Bunlar bayram və Zəfər günləridir. Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar