Lənkəranda yaradılan ilk Regional Uroloji Mərkəzin bir illik fəaliyyətinə həsr olunan regional müşavirə keçirilib - Foto
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ötən il yaradılan ilk Uroloji Mərkəzin bir illik fəaliyyətinin qiymətləndirilməsi, mövcud imkanlar və gələcək planlara dair regional müşavirə təşkil olunub.
Mubarizciler.az in məlumatına görə, Tədbirdə TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin İxtisaslı tibbi xidmətin təşkili şöbəsinin müdiri Vüsal Yusifov, İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin mütəxəssisləri, Respublika Klinik Uroloji Mərkəzin 1-ci urologiya şöbəsinin müdiri uroloq-cərrah Rüstəm Şibliyev, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev, Lerik, Astara, Masallı, Yardımlı rayon mərkəzi xəstəxanalarının direktorları, şöbə və bölmə müdirləri, o cümlədən uroloqları iştirak edib.
İlk olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətini və şöbələrin iş şəraitini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Ağabala Kəlbiyev Lənkəranda Uroloji Mərkəzin açılışının region üçün əhəmiyyətindən söz açaraq, ötən dövr ərzində qazanılan nailiyyətlərin səhiyyənin dinamik inkişafından xəbər verdiyini vurğulayıb. Ötən bir il ərzində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının uğurlardan danışan A.Kəlbiyev yaradılan şəraitə görə TƏBİB rəhbərliyinə təşəkkürünü bildirib.
TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili şöbəsinin müdiri Vüsal Yusifov Regional Uroloji Mərkəzin Lənkəran TƏB-ində yaradılmasının zəruriliyindən danışaraq, yaradılan mərkəzin əhalinin tibbi əlçatanlılığının təmin olunması, konsultativ yardımların göstərilməsi, ixtisaslı həkimlərin cəlb olunması baxımından əhəmiyyətindən söz açıb. Gələcəkdə regional mərkəzlərin artırılması məsələsinə toxunan V.Yusifov yaxın zamanlarda bu tip ixtisaslaşmış mərkəzlərin açılacağını toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Regional Uroloji Mərkəzin müdiri uroloq-cərrah Rəsul Nağıyev çıxış edərək keçən dövr ərzində regionda uroloji xidmət və əməliyyatlarla bağlı hesabat verib. Mərkəzin qarşıya qoyduğu hədəflərə nail olduğunu vurğulayan R.Nağıyev loparaskapik və minimal invaziv əməliyyatların aparılmasının tam təmin olunduğunu diqqətə çatdırıb. Uroloji Mərkəzin fəaliyyətə başladığı dövrdən bu günə kimi əməliyyat və əməliyyatdan sonrakı dövrlərdə letallığın 0% təmin olduğu vurğulanıb. Tədbirdə uroloji əməliyyatlarla bağlı videoçarx da nümayiş olunub.
Respublika Klinik Uroloji Mərkəzin 1-ci urologiya şöbəsinin müdiri uroloq-cərrah Rüstəm Şibliyev isə çıxışında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Uroloji Mərkəzində yaradılan yüksək şəraitdən məmnunluğunu ifadə edərək, belə mərkəzlərin yaradılmasının Azərbaycan səhiyyəsinin yüksələn templə inkişafının göstəricisi olduğunu vurğulayıb.
Sonda toplantıda qarşılıqlı fikir mübadiləsi aparılıb, bir sıra suallar cavablandırılıb.
Xəbəri paylaş