Şəhid Emin Abbaszadənin anım mərasimi qeyd edilib FOTOLAR
19 sentyabr antiterror əməliyyatları zamanı şəhid olan Emin Abbaszadənin il mərasimi keçirilib.
Mubarizciler.az xəbər verir ki, Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı ziyarət edilərək üzərinə gül-çiçək dəstələri düzülüb. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Mərasimdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhidin keçdiyi döyüş yolundan danışıb, onun qısa, lakin mənalı ömür yolunun gənclərə vətənpərvərlik hisslərinin aşılmasında mühüm rol oynadığını bildirib. Qanları ilə tarix yazan torpağı Vətənə çevirən Azərbaycanın Rəşad kimi oğullarının unudulmadığını bildirib.
Sonra 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, keçirilən antiterror əməliyyatından danışan icra başçısı torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərə Ulu Tanrıdan rəhmət diləyərək, şəhid ailələrinə səbr, dözüm arzulayıb.
Rayon rəhbəri bildirib ki, xalqımız tarixinin ən mühüm və qürurlu səhifələrindən birinin - ötən il 19-20 sentyabr tarixində Qarabağda həyata keçirilən antiterror tədbirləri nəticəsində qazanılan əzəmətli Qələbənin ildönümünü sevinc və coşqu ilə qeyd edir. Bu əməliyyat Ali Baş Komandan İlham Əliyevin ali sərkərdəlik keyfiyyətlərini, Azərbaycan Ordusunun gücünü, peşəkar səviyyəsini, qələbə əzmini bütün dünyaya göstərdi.
Rayon rəhbəri respubluka prezidentinin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi, eyni tarixli digər sərəncamı ilə “20 sentyabr–Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü”nün təsis edildiyini bildirərək, ölkə rəhbərinin bu qürurverici günlərdə işğaldan azad edilmiş ərazilərdə-mədəniyyət mərkəzimiz olan Şuşada Bayraq Meydanının açılışında, Üzeyir Hacıbəyovun təmirdən sonra ev muzeyində, Xankəndində Qarabağ Universitetində, tələbə yataqxanasında, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti abadlıq işləri ilə tanış olmasından da danışıb.
Qeyd edək ki, şəhid Abbaszadə Emin Faiq oğlu 1998-ci il may ayının 15-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin giziri Emin Abbaszadə 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Kəngərli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhid Abbaszadə Emin Faiq oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Xəbəri paylaş