Ramil Mahmudov: Azərbaycan-Rumıniya əlaqələri genişləndirilir
Azərbaycan-Rumıniya əlaqələri genişləndirilir
Bu gün respublikamız Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın Aİ məkanında qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ölkələrdən biri də Rumıniyadır. Rumıniya Azərbaycanın müstəqilliyini 11 dekabr 1991-ci ildə tanıyıb. Rumıniya respublikamızın müstəqilliyini tanıyan dünyada ikinci (qardaş Türkiyədən sonra), Avropa İttifaqına üzv dövlətlərin arasında isə ilk ölkədir. Ölkələrimiz arasında 19 iyun 1992-ci il tarixində diplomatik əlaqələr qurulub. 1998-ci il noyabrın 3-də Rumıniyanın Azərbaycanda, 2001-ci ilin 19 may tarixində isə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi təsis edilib. 2009-cu il sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən “Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə” imzalanıb. Bu sənədin imzalanmasından sonra Azərbaycan-Rumıniya münasibətləri daim yüksələn xətt üzrə inkişaf edir.Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi, siyasi münasibətlərin daha da dərinləşməsinə, əməkdaşlıq üçün əlverişli platformanın yaradılmasına nail olub, bunun sayəsində Azərbaycan regionun strateji, iqtisadi mərkəzinə çevrilib.Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana fevralın 2-də baş tutan səfəri Azərbaycanla Rumıniya arasında münasibətlərə və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə şərait yaradacaqdır. İki ölkə arasında əməkdaşlıq, Azərbaycan qazının Rumıniyaya çatdırılması, yaşıl enerji ilə bağlı reallaşdırılacaq layihələr məhz strateji tərəfdaşlığın təzahürüdür.Qeyd edilməlidir ki, Azərbaycan və Rumıniya arasında energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır. Belə ki, uzun illər ərzində Azərbaycanın neft şirkəti olan SOCAR Rumıniyada fəaliyyət göstərir, onun Rumıniyada 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu vardır. Həmçinin Rumıniyanın imkanlarından istifadə edilərək, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və paralel olaraq digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. Bu gün Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır.
Ramil Mahmudov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı.
Xəbəri paylaş