Elçin Tağıyev: Azərbaycan və Rumıniya arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur
Azərbaycan və Rumıniya arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur
Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 11-də rəsmi şəkildə tanıyıb. Belə ki, rəsmi Buxarest Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il iyunun 19-da qurulmuşdur.
Ötən dövrdə Azərbaycan və Rumıniya arasında ümumilikdə 61 sənəd imzalanıb, hazırda isə bir sıra əməkdaşlıq sənədlərin layihələri hazırlanır. Bu amil əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratmışdır.Hazırda Rumıniya-Azərbaycan iqtisadi münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir.
Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatlarla çıxış ediblər. Qeyd etməliyik ki, Azərbaycan və Rumıniya arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Bu isə iki ölkə arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı əməkdaşlığa əsas verir. Rumıniya Prezidentinin ölkəmizə səfəri iki ölkə arasında təmasların yüksək səviyyədə olmasının göstəricisidir. Cənab Prezident İlham Əliyev çıxışı zamanı bildirmişdir ki , Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Azərbaycan və Rumıniya arasında Strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. Ölkə başçılarının qarşılıqlı səfərləri zamanı müzakirə olunan bütün məsələlər də məhz strateji əhəmiyyət daşıyır. Bütün bunlar isə iki ölkə arasında siyasi əlaqələrin çox yüksək səviyyədə olmasından irəli gəlir.
Ölkələrimiz arasında ticari-iqtisadi münasibətlər davamlı olaraq inkişaf edir. Belə ki, iki ölkə arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb. Lakin hər iki ölkənin əsas hədəfi ticarət dövriyyəsini şaxələndirməkdən ibarətdir. Çünki Azərbaycan və Rumıniya ticari-iqtisadi sahədə daha yaxşı nəticələrə nail ola bilərlər.
Prezident cənab İlham Əliyev mətbuata bəyanatında Azərbaycan-Rumıniya əlaqələri haqqında danışarkən onu da bildirdi ki, energetika məsələləri hər iki ölkə ilə yanaşı, hazırda dünyanın gündəliyində olan əsas məsələdir. Bu sahədə də ölkələrimizin uzun illərdir əməkdaşlığı mövcuddur. Belə ki, ölkəmizin neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir və şirkətin 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Hazırda energetika sahəsində Azərbaycan-Rumıniya əməkdaşlığı yeni mərhələyə qədəm qoyur. İmzalanmış sazişə əsasən Azərbaycan qazı Avropada yeni ünvana çatacaq və bununla yanaşı Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə də qaz nəql ediləcəkdir. Azərbaycan iki il öncə Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra edərək Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrilib. Hal-hazırda ölkəmiz Avropa məkanına qaz ixracını sürətlə artırmaqdadır.
Ölkəmiz Rumıniya ilə yaşıl enerji sahsəsində də əməkdaşlıqda maraqlıdır və bununla bağlı çox mühüm addımlar atılıb. Yaşıl enerji müasir dövrdə çox strateji və böyük sərmayə tələb edən layihədir. Azərbaycanın başlatdığı bu layihə bir neçə ölkəni və iki dənizi birləşdirəcək. Ölkəmizin çox böyük yaşıl enerji potensialı mövcudur və Rumıniya ilə əməkdaşlıqda bu sahə prioritet təşkil edir. Çünki enerji təhlükəsizliyi müasir dövrdə çox mühüm əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında prioritet sahələrdən biri də nəqliyyat sahəsidir. Hər iki ölkə maraqlıdır ki, nəqliyyat sahəsində də yaxşı nəticələrə nail olunsun. Bunun üçün müvafiq potensial da mövcuddur. Belə ki, Bakı və Konstansa limanları arasında əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar vardır.
Elçin Tağıyev,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatını fəalı
Xəbəri paylaş