Mahiyəddin Mazanov: Azərbaycan və Rumıniya arasında ticari-iqtisadi münasibətlər davamlı olaraq inkişaf edir
Azərbaycan və Rumıniya arasında ticari-iqtisadi münasibətlər davamlı olaraq inkişaf edir.
Azərbaycan və Rumıniya arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Bu isə iki ölkə arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı əməkdaşlığa əsas verir. İki ölkə arasında diplomatik əlaqələr 19 iyun 1992-ci il tarixində yaradılmışdır. Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyi 3 noyabr 1998-ci il tarixində, Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi isə 21 may 2001-ci il tarixində açılmışdır. 2001-ci ildən etibarən Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Buxarest şəhərinin Tey parkında Ümummilli Lideri Heydər Əliyevin və Bakı şəhərində tanınmış rumın bəstəkarı Corc Eneskunun büstləri ucaldılmışdır. 2009-cu ilin sentyabrında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri zamanı, Rumıniya ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın yaradılmasına dair bəyannamə imzalanmışdır.
Cənab Prezident İlham Əliyevin ötən ilin dekabrında Buxarestə işgüzar səfəri, eləcə də Rumıniya Prezidentinin fevral ayının 2-də ölkəmizə səfəri iki ölkə arasında təmasların yüksək səviyyədə olmasının göstəricisidir. Fevralın 2-də ölkəmizə baş tutan səfərdə Prezidentlərin mətbuata bəyanatları zamanı Prezident İlham Əliyev Azərbaycan-Rumıniya əlaqələrini yüksək qiymətləndirərək bildirdi ki, ölkələrimiz uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər və müzakirə edilən məsələlər hər iki ölkənin maraqlarına cavab verir.
Azərbaycan və Rumıniya arasında Strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. Ölkə başçılarının qarşılıqlı səfərləri zamanı müzakirə olunan bütün məsələlər də məhz strateji əhəmiyyət daşıyır. Bütün bunlar isə iki ölkə arasında siyasi əlaqələrin çox yüksək səviyyədə olmasından irəli gəlir.
Ölkələrimiz arasında ticari-iqtisadi münasibətlər davamlı olaraq inkişaf edir. Belə ki, iki ölkə arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb. Lakin hər iki ölkənin əsas hədəfi ticarət dövriyyəsini şaxələndirməkdən ibarətdir. Çünki Azərbaycan və Rumıniya ticari-iqtisadi sahədə daha yaxşı nəticələrə nail ola bilərlər.
Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan-Rumıniya əlaqələri haqqında danışarkən onu da bildirdi ki, energetika məsələləri hər iki ölkə ilə yanaşı, hazırda dünyanın gündəliyində olan əsas məsələdir. Bu sahədə də ölkələrimizin uzun illərdir əməkdaşlığı mövcuddur. Belə ki, ölkəmizin neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir və şirkətin 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Hazırda energetika sahəsində Azərbaycan-Rumıniya əməkdaşlığı yeni mərhələyə qədəm qoyur. İmzalanmış sazişə əsasən Azərbaycan qazı Avropada yeni ünvana çatacaq və bununla yanaşı Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə də qaz nəql ediləcəkdir. Azərbaycan iki il öncə Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra edərək Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrilib. Hal-hazırda ölkəmiz Avropa məkanına qaz ixracını sürətlə artırmaqdadır.
Ölkəmiz Rumıniya ilə yaşıl enerji sahsəsində də əməkdaşlıqda maraqlıdır və bununla bağlı çox mühüm addımlar atılıb. Yaşıl enerji müasir dövrdə çox strateji və böyük sərmayə tələb edən layihədir. Azərbaycanın başlatdığı bu layihə bir neçə ölkəni və iki dənizi birləşdirəcək. Ölkəmizin çox böyük yaşıl enerji potensialı mövcudur və Rumıniya ilə əməkdaşlıqda bu sahə prioritet təşkil edir. Çünki enerji təhlükəsizliyi müasir dövrdə çox mühüm əhəmiyyət kəsb edir.
Dövlət Neft Şirkəti və Romqaz 2023-cü il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qazın təchizatı barədə müqavilə imzalanmışdır. Bu gün regionda böyük gücə malik olan Azərbaycan Avropanın enerji təhlükəsizliyində də xüsusi rol oynayır. Bunu qiymətləndirən digər Avropa ölkələri kimi Rumıniya da Azərbaycanı regionda əsas tərəfdaş ölkə hesab edir. Regional və beynəlxalq təşkilatlarda Azərbaycan və Rumıniya yaxından əməkdaşlıq edirlər.
Bu Sazişin imzalanması ölkələr arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlıq üçün təməl yaradır. Bu Azərbaycanın Mərkəzi Asiya ilə bağlılığını artıracaq. Bu Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regionlarımıza təmiz enerjiyə keçidə nail olmağa kömək edəcəkdir. Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti mühüm əhəmiyyətli bir layihədir.
Mahiyəddin Mazanov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.
Xəbəri paylaş