İlhamə Qasımova: Vətən kəliməsi təmiz ürəklər qədər saf və müqəddəsdir
Vətən kəliməsi təmiz ürəklər qədər saf və müqəddəsdir.
Bu söz ana qucağı qədər isti, ana nəfəsi qədər doğmadır.
Vətən azadlıq simvolu, müstəqillik rəmzidir.
Bizim vətənimiz doğulub boya-başa çatdığımız torpaq, Odlar Yurdu Azərbaycandır.
Azərbaycan – igidlər, atəş ürəklilər, mübarizlər vətəni! Nizamilər, Füzulilər, Sabirlər yetirən torpaq!
Bu torpağın Cavanşir, Koroğlu kimi qəhrəmanları, Mehdi Hüseynzadə, Həzi Aslanov kimi igid oğulları vardır. Bu igid cəngavərlər Vətənin azadlığı, xalqın işıqlı gələcəyi uğrunda mübarizə aparmış, öz canlarını da bu yolda qurban verməkdən çəkinməmişlər.
Dövlət üçün müstəqillikdən, vətəndaşı üçün isə azadlıqdan üstün heç nə yoxdur. Zəngin və maraqlı tarixi keçmişi olan Azərbaycan xalqı azadlıq və müstəqillik uğrunda uzun, şərəfli və qəhrəmanlıq dolu yol keçmişdir. Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur. Buna misal kimi, müxtəlif dövrlərdə tarixi Azərbaycan torpaqlarında yaradılmış Şirvanşahlar, Eldəgizlər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinin adını çəkə bilərik. Azərbaycan tarix boyu yadellilərlə qəhrəmanlıqla mübarizə aparmışdır.
Xalqımız ötən əsrdə 2 dəfə dövlət müstəqilliyi qazanmışdır. 1918-ci ilin yaz günü Azərbaycan torpağında istiqlal günəşi parladı – 28 May günəşi! Həmin gün Azərbaycanımızın dövlət müstəqilliyi elan olundu. Bu, Şərqdə ilk parlamentli, demokratik dövlət idi. Böyük mübarizələr sayəsində nail olunmuş bu müstəqillik cəmi 23 ay yaşamışdır. Tarix üçün qısa vaxt olsa da, əhəmiyyətinə görə xalqımızın yaddaşında əbədi olaraq həkk olunmuşdur. Mövcud olduğu müddətdə Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlarını konstitusiya ilə də təmin etmişdi. 1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin, azadlıq eşqinin bəhrəsi idi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyi haqqında konstitusiya aktı qəbul edildi. Bununla da Azərbaycan müstəqil dövlət kimi mövcudluğunu dünyaya bəyan etdi. Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar olduğu kimi, Azərbaycan xalqında da Ümummilli lider Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, Azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı. Müasir qüdrətli Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. İndi hər birimizin qürur mənbəyinə çevrilmiş Azərbaycanın dünyanın nüfuzlu dövlətləri sırasında şərəfli yeri vardır. Ulu öndərimiz 1994–cü ildə “Əsrin müqaviləsi”ni imzalamaqla ölkənin qarşısında misli görünməmiş üfüqlər açdı. Ölkədə neftin inkişafına mühüm şərait yarandı. 1995–ci ildə ulu öndərin bilavasitə rəhbərliyi ilə qəbul olunmuş milli Konstitusiyamız demokratik dəyərlərə tam uyğun bir tarixi sənəd, hüquqi islahatların gerçəkləşdirilməsi yolunda misilsiz, uğurlu bir addım oldu. 1996–cı ildə Respublika günü münasibətilə təntənəli yığıncaq baş tutmuşdu. 2001–ci ildə Azərbaycan Avropa Şurası kimi mötəbər, nüfuzlu bir quruma üzvlüyə qəbul olundu. Məlumdur ki, ümumxalq həmrəyliyinin yaradılmasında dilin çox böyük rolu var. Xalqımızın milli sərvəti olan ana dilimizin inkişafına daim qayğı göstərilməsi haqlı olaraq Heydər Əliyevin böyük tarixi xidmətlərindən sayılır. H.Əliyev deyirdi ki: “ Hər bir xalqın milliliyini, mənəviyyatını yaşadan , onu inkişaf etdirən onun dilidir.” Onun ən mühüm təşəbbüsü də 2001–ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsinə nail olmasıdır. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Azərbaycan xalqının hələ neçə–neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevə tarixdə əbədiyaşarlıq qazandıran bir əsas amil də odur ki, xalqı və dövləti məhv olmaq təhlükəsindən xilas edən, ölkə iqtisadiyyatını ağır böhran təhlükəsindən inkişaf yoluna çıxaran ulu öndər on illər sonra üçün də görüləsi işlərin aydın proqramını vermişdir. Prezident İlham Əliyev ümummilli liderimizin fürsət tapıb görə bilmədiyi işləri hal-hazırda uğurla həyata keçirir. Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycan hər addımda daha da güclənir və qüdrətli olur. H. Əliyev həmişə deyərdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Mən də bu gün fəxr edirəm ki , bütün dünyaya səs salan, şərəfli tarix yolu keçən Azərbaycan Respublikasının müstəqil vətəndaşıyam. Bu gün hər bir Azərbaycanlı müstəqil Respublikamızla fəxr etməlidir. Çalışmalıyıq ki, Azərbaycanımızın inkişafında hər zaman yaxından iştirak edək. Ölkəmiz gün-gündən çiçəklənir, inkişaf edir. Biz də bu inkişafa , çiçəklənməyə həmişə yardım etməliyik. Vətəni sevmək, gözümüz kimi qorumaq, onun torpağının, hər daşının qədrini bilmək, sözün əsl mənasında mübariz və mərd vətən övladların, cəsur və namuslu insanların ən müqəddəs vəzifəsi, borcudur. Müstəqillik bizim bu günümüz, sabahımızdır.
Bizlər bir həqiqətə inanırıq ki, Azərbaycan müstəqilliyi əbədi, daimi və dönməzdir!
İlhamə Rafiq qızı Qasımova
Goranboy şəhər sakini, şəhər 2-saylı tam orta məktəbin tarix müəllimi, "Mubarizciler.az" xəbər portalının təsisçisi.
Xəbəri paylaş