Elçin Tağıyev: Azərbaycan və Macarıstan münasibətləri yüksələn xətlə inkişaf edir
Azərbaycan və Macarıstan münasibətləri yüksələn xətlə inkişaf edir.
Ölkələrimiz arasında diplomatik əlaqələrin uzun tarixi keçmişi vardır. Bildiyimiz kimi, 2009-cu il yanvarın 12-də Macarıstanın Azərbaycandakı səfirliyi yaradıldı. Azərbaycanın Macarıstandakı səfirliyi isə 2004-cü il sentyabr ayında açılıb. 2004-cü ildən Avropa İttifaqına üzv olan Macarıstan 2007-ci ildən etibarən Şengen zonasına daxil edilib. Bu ölkə hazırda BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurası və başqa bir çox təşkilatın üzvüdür. Eyni zamanda zəngin mədəni tarixə sahib olan Macarıstanda incəsənət, musiqi, ədəbiyyat, idman, elm və texnologiya sahələri yaxşı inkişaf edib. Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyədə dialoq mövcuddur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq konteksində inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Azərbaycan da qədim tarixi və zəngin mədəniyyəti olan dövlət kimi bu gün xarici siyasətində dostluq və qardaşlıq prinsiplərini prioritet hesab edir. Bir neçə gün öncə Macarıstanda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban yanvarın 30-da Budapeştdə mətbuata bəyanatlarla çıxış ediblər. Möhtərəm prezident qardaşlıq və dostluq əlaqələrini qeyd edərək, ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu ictimaiyyətin diqqətinə çatdırıb. Ölkələrimiz arasında imzalanan strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqləyir. Bu, strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəddir və bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar. bizim əməkdaşlığımızın çoxşaxəli mahiyyəti göz önündədir. Təbii ki, enerji sahəsi indi dünya və Avropa gündəliyini zəbt etdiyi üçün əsas rol oynayır. Ancaq bizim əməkdaşlığımızın başqa sahələri var. Əsas odur ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.
Xüsusilə qeyd ediləcək məqamlardan biri isə məhz Baş nazir Viktor Orbanın öz bəyanatında ölkəmiz və möhtərəm Prezidentimiz cənab İlham Əliyev haqqında səmimi fikirlərini səsləndirməsi idi. Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm.
Bəli,qeyd edilən səmimi fikirlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan Respublikasının Prezidenti əvəzolunmaz liderdir. Ölkəmiz möhtərəm Prezidentin 19 illik prezidentlik fəaliyyəti dövründə inkişafın ən yüksək həddində qərarlaşmağı bacardı. Biz iftixar hissi ilə vurğulamalıyıq ki, Prezident İlham Əliyevin ali rəhbərliyi altında həyata keçirilən müdrik xarici siyasətimiz beynəlxalq platformalarda ölkəmizə böyük hörmət və nüfuz qazandırır, Azərbaycanın adı dünyanın ən güclü dövlətləri sırasında qeyd olunur.
Elçin Tağıyev,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı.
Xəbəri paylaş