Azərbaycan Avropa üçün daha da yaxın olacaq
Azərbaycan Avropa üçün daha da yaxın olacaq
Bildiyimiz kimi Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkələrdir. Dövlət başçısının səfərindən sonra da ölkələr arasında ikitərəfli əməkdaşlıq dərinləşəcək. Eyni zamanda təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də iki ölkə bir-birinə əsirgəməyəcək. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir.
Azərbaycanın uzun illər ərzində apardığı uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı. Nəticə etibarilə də iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Həmçinin vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini də Azərbaycan indi canlandırıb. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.
Azərbaycan və Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq ruhunda yüksək səviyyədə inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətində mühüm yerlərdən birini tutur. Macarıstan ölkəmizin Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. 2022-ci ildə diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib.
Yanvarın 29-da Macarıstanda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın hava limanından başlayan, fəxri karaulun müşayiəti ilə reallaşan qarşılanma mərasimi, Macarıstan Prezidenti Katalin Novak tərəfindən yüksək səmimiyyət, həmçinin Baş nazir Viktor Orbanın isti münasibəti Prezident ailəsinin şəxsində bütövlükdə Azərbaycana ünvanlı münasibət idi.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır: “Azərbaycan qazının Macarıstana çatdırılması istiqamətində də əsaslı işlər görülmüşdür".
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Macarıstana səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Bu səfər göstərir ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Əminliklə söyləmək olar ki, səfər ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək, münasibətlərimizdə yeni səhifə açacaq.
Xəbəri paylaş