Sərhəddə yeni təxribatlar gözlənilir - Polkovnikdən açıqlama 0
Ötən gün Azərbaycan-Ermənistan sərhədində itkilərlə nəticələnən toqquşma yaşanıb. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.
Təxribatların qarşısını alarkən Azərbaycan ordusunun 3 hərbi qulluqçusu şəhid olub. Ermənistan Müdafiə Nazirliyi isə toqquşma zamanı 4 erməni hərbçinin öldüyünü, 6-sının yaralandığını açıqlayıb.
Laçın istiqamətində baş verən insidentdən sonra hərbi əməliyyatların başlaması məsələsi yenidən gündəmə gəlib.
Son hadisələr barədə ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Ermənistan rəhbərliyi təxribat törətməklə öz siyasi hədəflərinə nail olmaq istəyir.
"Onlar atəşkəsi pozmaqla və yaxud hansısa istiqamətdə təxribatlar törətməklə vəziyyəti gərginləşdirmək istəyirlər. Prinsip cəhətdən son zamanlar insidentin olması üçün şərait yaradılırdı. ABŞ-da sülh müqaviləsinin imzalanması ilə bağlı söhbətlərin getməsi, Laçın-Xankəndi istiqamətində yolların Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülməsi, Ermənistan ərazisindən torpaqlarımıza qanunsuz daşınmaların həyata keçirilməsi və Azərbaycanın sərhəddə nəzarət-buraxılış məntəqəsi quraşdırmaq istəyi ermənilər tərəfindən qəbul olunmadı və buna görə də təxribata əl atdılar. Erməni tərəfi təxribatlar törədərək sülh müqaviləsinin imzalanmasından və 10 noyabr sazişinin müddəalarının yerinə yetirilməsindən boyun qaçırır", - hərbi ekspert vurğulayıb.
Ş.Ramaldanov vurğulayıb ki, Ermənistan ordusunun Azərbaycana qarşı təxribatlarda İran PUA-larından istifadə etməsinə dair əlimizdə fakt yoxdur:
"Ermənistan belə addımlarla hədəflərinə çatmayacaq. Onlar kənar qüvvələri bölgəyə gətirməyə çalışırlar. Həmçinin Rusiyanın və KTMT-nin bölgədə fəaliyyətini gözdən salıb, Avropa İttifaqının buraya gəlməsinin önəmini artırmaq istəyirlər. Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu əməliyyat şəraitini nəzarətdə saxlayacaq və bu istiqamətdə adekvat addımlar atmağa davam edəcək. Əlbəttə, silahlı qüvvələrimiz son təxribatı cavabsız qoymayacaq. Biz yaxın zamanda atılan addımların nəticələrini görəcəyik.
Ermənistan tərəfi itkilərini gizlətməyə çalışır. Qarşı tərəfin Müdafiə Nazirliyi itkilər haqqında ilkin məlumat verir, lakin sosial şəbəkələrin erməni seqmentində itkilərin sayının çox olduğu bildirilir. Bu, həmişə belə olub. Çünki Ermənistan əhalisi müharibədən qorxur və döyüşün olmasını istəmir. Məhz buna görə də itkilərin sayı gizlədilir. Görünən odur ki, Ermənistan siyasi rəhbərliyi hələ də çirkin əməllərindən əl çəkməyib. Biz yeni təxribatlara hazır olmalıyıq. Ancaq onu da qeyd edim ki, ermənilərin növbəti təxribatına Azərbaycan Ordusu çox ağır cavab verəcək. Biz bilirik ki, İran nəinki dronları, həm də digər hərbi texnikaları da Ermənistana verib. Ancaq dronların istifadəsi ilə bağlı təsdiqedici bir fakt yoxdur. Həmin PUA-ların qalıqları da aşkarlanmayıb. Yalnız ehtimal oluna bilər ki, ötən gün İran dronlarından da istifadə olunub, amma dəqiq fikir söyləyə bilmərik".
Xəbəri paylaş