Heydər Əliyev: Zərifə xanım çox böyük alim olub 0
Zərifə xanım öz ailəsi üçün necə əvəzsiz dəyər kəsb etdiyini həyat yoldaşı - Ulu Öndər Heydər Əliyev özü də dəfələrlə söyləyib. “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar”.
Cəmiyyətin həyatında fəal rol oynayan Zərifə xanım ailəsinə son dərəcə bağlı bir qadın, gözəl ana idi. Öz analıq missiyasını sevdiyi peşəsi ilə birləşdirən bu xanımı bir qadın, bir alim və həkim kimi cəmiyyətin inkişafına xidmət edən ailəsindən ayrı düşünmək olmazdı. Zərifə xanım analıq vəzifəsinin öhdəsindən də çox gözəl gəlmişdir. Onun təmkinliliyi, səbirliliyi, ağlı, savadı və digər müsbət xüsusiyyətləri övladları - cənab Prezident İlham Əliyevin və tarix üzrə fəlsəfə doktoru Sevil Əliyevanın da onun yolunu getməsinə köməkçi olmuşdu. Biz, bu ailəyə - Ulu Öndər Heydər Əliyevə və Zərifə xanım Əliyevaya minnətdarıq ki, qəlblərində daim Azərbaycan sevgisi ilə yaşayan, Vətənimizin qüruru sayılan övladlar yetişdirmişlər. Yüksək keyfiyyətlərin mövcud olduğu belə bir ailədə İlham Əliyev kimi övladın böyüyüb boya-başa çatması, tərbiyə alması hər valideynin, ailənin arzusudur. Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində dövlətimizin dayaqları möhkəmlənir, Azərbaycan daha da çiçəklənib qüdrətli bir ölkəyə çevrilir. Təsadüfi deyil ki, bir neçə gün əvvəl keçirilən növbəti prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin səs çoxluğu ilə qalib gələn İlham Əliyev növbəti illər üçün yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqımızın Prezidentə olan bu etimadı ölkəmizin inkişafının davamlılığını təmin edir.
Xəbəri paylaş