Əvəz Zeynallının məhkəməsində hansı icra başçıları şahidlik edəcək 0
Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynalov və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Mubarizciler.az Trend-ə istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Ə.Zeynallı ittihamlardan özünü təqsirli bilməyib.
Daha sonra vəkil Fəxrəddin Mehdiyev vəsatətlə bildirib ki, məhkəmə proseslərində təqsirləndirilən şəxslər şüşə qəfəsdən çıxarılsın və müdafiəçilərin yanında əyləşsin.
F.Mehdiyev, həmçinin, cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Prokuror vəsatətlərin əsassız olduğunu bildirib.
Məhkəmə cinayət işinə xitam verilməsi ilə bağlı vəsatəti rədd edib. Daha sonra Əvəz Zeynallının vəkili müvəkkilinin ev dustqlığına buraxılması ilə bağlı vəsatət verib.
Məhkəmə bu vəsatəti də rədd edib. Sonda vəkillərin məhkəmə zalının dəyişdirilməsi ilə bağlı vəsatət təmin edilib. Hakim bildirib ki, növbəti proses daha böyük zalda keçiriləcək.
Sonra prosesdə bildirilib ki, cinayət işinin təqsirləndirilən şəxs Elnur Şükürovla bağlı hissəsində Bakının Sabunçu rayon icra başçısı Adil Vəliyev, Suraxanı rayon icra başçısı Əziz Əzizov və Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov şahid qismində tanınıb. Təqsirləndirilən şəxsin qeyd olunan icra başçılarını rüşvət verməyə təhrik etdiyi iddia olunur.
İş üzrə hazırlıq iclası başa çatıb və məhkəmənin baxış iclası aprelin 10-na təyin olunub.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynalovun ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynalov və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Odur ki, Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.
Xəbəri paylaş