Ülfət Əmiraslanov: Türk dünyası böyük bir ailədir 0
Türk dünyası böyük bir ailədir
Cari ilin mart ayının 16-da Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşü üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm hadisədir. Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu dərin köklərə əsaslanır və illər keçdikcə atılan addımların fonunda daha da möhkəmlənir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü bir daha bu qardaşlığın aydın mənzərəsini təqdim etdi. Nəzərə alsaq ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu, bu halda atılan mühüm addımın özündə ehtiva etdiyi məna daha dərindən dərk olunar. Prezident İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edərək digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu. “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən dəhşətli zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılması, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr apardılar. Azərbaycanın qardaş ölkədə zəlzələnin baş verdiyi ilk gündən göstərdiyi dəstək Türkiyə rəsmiləri tərəfindən yüksək dəyərləndirilir. Azərbaycanın maddi, mənəvi və humanitar dəstəyi, azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində əzmlə və fədakarlıqla çalışmaları təqdirlə qarşılandı. Dövlət başçısı İlham Əliyevin zəlzələdən sonra Türkiyəyə işgüzar səfəri dünyanın diqqətindən kənarda qalmadı. Bu, bir daha qardaş dəstəyinin nümayişi oldu.
Görüş zamanı ölkə başçısı öz çıxışında qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadlarının və bu zaman on minlərlə insanın həyatına son qoyulmasının bizi olduqca kədərləndirdiyini bildirib. Cənab Prezident qeyd edib ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olub. Azərbaycandan xilasedicilər, tibb personalı və könüllülər də daxil olmaqla 940 nəfər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.
Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaq. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılıb.
Zirvə Görüşü türkdilli dövlətlərin mövcud olan sıx əlaqələrinin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürüdür. 14 il əvvəl Naxçıvanda bu təşkilat yaranandan keçən dövr ərzində TDT səmərəli fəaliyyət göstərib. Bu müddət ərzində mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır.
Azərbaycanın türk dünyasının birliyinin, həmrəyliyinin möhkəmləndirilməsinə töhfələri həmişə davamlılığı ilə diqqətdə olub. Azərbaycanın «Biz birlikdə güclüyük!», «Türk dünyası böyük bir ailədir!», «Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik!» kimi çağırışları türk dünyasının birliyinə yönələn addım kimi dəyərləndirilir. 2021-ci ildə dövlət başçısı İlham Əliyevin, ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeninə layiq görülmələri Azərbaycan-Türkiyə qardaşlığının türk dünyasının birliyində roluna, eyni zamanda, hər iki ölkənin bu istiqamətdə göstərdiyi səylərə işıq salır. Dövlət başçısı İlham Əliyev bu günlərdə «Güvənsizliyi bitir, işbirliyinə başla!» devizi altında keçirilən XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına məktubunda da bu birliyə xüsusi diqqət yönəldərək bildirmişdir ki, bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə və strateji müttəfiqlər kimi regionda yeni tarixi reallıqlar yaradır, birgə qərarlar, müştərək qlobal layihələr vasitəsilə Avrasiya məkanında sülhə, təhlükəsizliyə, əməkdaşlığa davamlı töhfələr verir. Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır. Ölkələrimiz, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan etibarlı tərəfdaşlardır.
Fövqəladə Zirvə Görüşündə Prezident İlham Əliyevçıxışı zamanı 44 günlük Vətən müharibəsində Türkiyənin dəstəyini xüsusi vurğulayıb. Cənab Prezidentin dediyi kimi, Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçib, dünyada söz sahibi olub, güc mərkəzinə çevrilib. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Prezident İlham Əliyev Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, ermənilərin 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə vandalizm aktları törətdiyini bildirib. 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılıb. Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşüb. Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır.
Cənab Prezident Ermənistanın həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayındığını bəyan edib. Ermənistan 2020-ci ilnoyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır. Hazırda ölkəmiz Qarabağın və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri aparır. Ölkəmiz bu gün sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qurur. Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi, ölkələrin xarici siyasətdə tam koordinasiyalı və vahid məqsəd uğrunda çalışdığını göstərən nümunələrdən biri Azərbaycanın erməni işğalından azad etdiyi Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərində özünü göstərir. Türkiyə bölgədə bərpa işlərində aktiv iştirak edir. Eləcə də, Özbəkistan və Qazaxıstanın da bu prosesə töhfəsi məmnunluq doğurur.
Ülfət Əmiraslanov,
YAP Goranboy rayon təşkilatınının fəalı.
Xəbəri paylaş