Vasif Adıgözəlov: Türk birliyinin qlobal gücə çevrilməsi artıq reallığa çevrilməkdədir 0
Türk birliyinin qlobal gücə çevrilməsi artıq reallığa çevrilməkdədir
“Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşü üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm hadisədir. Dövlət başçılarının çıxışlarında əməkdaşlığın genişləndirilməsinə xidmət edən təşəbbüslərin irəli sürülməsi birliyimizi gücləndirəcək amillərdir. Türkiyədə baş verən zəlzələdən sonra “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşib”.
Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkib, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparıblar. Digər tərəfdən, türk dövlətlərinin liderləri çıxışlarda Türkiyənin təkcə regionda deyil, bütün dünyada nüfuzunun yüksək olduğunu vurğuladılar. Türkiyənin qlobal güc kimi özünü təsdiq etməsində Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu qeyd edildi. Sammitdə türk ölkələrinin liderlərinin Ərdoğan hökumətinin xarici siyasətinə dəstək nümayiş olundu, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə reallaşdırılan islahatların türk xalqını yeni-yeni uğurlara çatdıracağına əminliyi ifadə edildi.
Deputat qeyd edib ki, Fövqəladə Zirvə görüşündə Prezident İlham Əliyev çıxışı zamanı ölkəmizin baş vermiş zəlzələ ilə bağlı Türkiyəyə göstərdiyi dəstək haqqında məlumat verib.
Heydər Əliyev Fondu Türkiyədə baş verən zəlzələyə ilk reaksiya verən təşkilatlardan biri oldu. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Türkiyədəki zəlzələ bölgəsinə edilən yardımlar qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər tərəfindən yüksək qiymətləndirildi. Ümumilikdə Heydər Əliyev Fondu tərəfindən Türkiyənin zəlzələ bölgəsinə 9 milyon 485 min 563 manat məbləğində yardım göstərilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımında hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmağın, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmağın Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biri olduğunu önə çəkərək “Azərbaycanlı olduğuma görə çox qürurluyam!” demişdir.
İki ölkənin qardaşlıq münasibətlərindən bəhs edən dövlətimizin başçısı 44 günlük Vətən müharibəsində Türkiyənin dəstəyini xüsusi vurğulayıb. Prezidentin dediyi kimi, Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçib, dünyada söz sahibi olub, güc mərkəzinə çevrilib. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər.
Dövlətimizin başçısı Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, ermənilərin 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə vandalizm aktları törətdiyini bildirib. 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılıb. Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşüb. Torpaqlarımız azad edildikdən sonra bir neçə yerdə kütləvi məzarlıq aşkar etmişik. Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır. 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır.
Prezident Ermənistanın həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayındığını bəyan edib. Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır. Hazırda ölkəmiz Qarabağın və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri aparır. Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq. Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi, ölkələrin xarici siyasətdə tam koordinasiyalı və vahid məqsəd uğrunda çalışdığını göstərən nümunələrdən biri Azərbaycanın erməni işğalından azad etdiyi Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərində özünü göstərir. Türkiyə bölgədə bərpa işlərində aktiv iştirak edir. Eləcə də, Özbəkistan və Qazaxıstanın da bu prosesə töhfəsi məmnunluq doğurur.
“Türk birliyinin qlobal gücə çevrilməsi artıq reallığa çevrilməkdədir. Bu fakt qloballaşan dünyada türk faktoru ilə hesablaşmağı beynəlxalq birlik üçün zəruri edəcək. Bu tarixi hədəfə tezliklə çatmaq üçün Azərbaycan və Türkiyə ilə yanaşı digər türk dövlətləri də güclü siyasi iradə nümayiş etdirməli, bütün imkanlardan maksimum istifadə olunmalıdır. TDT-nin Fövqəladə Zirvə Görüşündə qəbul olunan Ankara Bəyannaməsinin müddəaları, eləcə də digər qərarlar bu hədəflərin reallaşmasını daha da yaxınlaşdırır”,
Vasif Adıgözəlov,
YAP Goranboy rayon təşkilatının fəalı.
Xəbəri paylaş