Talış kəndində Novruz tonqalı ən gözəl bayram hədiyyəsi oldu - FOTO 0
Talış kəndində Novruz tonqalı ən gözəl bayram hədiyyəsi oldu.
Artıq üçüncü dəfədir ki, Azərbaycan xalqı Novruz bayramını doğma Qarabağda qeyd edir. Bu, hər birimizin qəlbini qürur hissi ilə doldurur, hər birimiz üçün böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini hər gün hörmətlə, ehtiramla yad edirik. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq. Onların qanı-canı bahasına alınan torpaqlarımızda tədricən həyat axarına dönür, şəhərlər, kəndlər, qəsəbələr salınır, yaşayış bərpa edilir. Bu bayram ərəfəsi daha bir işğaldan azad edilmiş kənd sakinlərini qarşıladı. Bu Novruzda daha bir qəhərmanlıqla azadlığına qovuşmuş kənddə cənab Prezident İlham Əliyev bayram tonqalını alovlandırdı, tonqal ətrafında xalqı təbrik etdi, Ermənistana növbəti xəbərdarlığını etdi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ailə üzvləri ilə birlikdə martın 18-də Tərtər rayonunun Talış kəndində olarkən Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik müraciətini başlamışdır.
İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqının bir yumruq kimi birləşərək milli həmrəylik nümayiş etdirdiyini deyən dövlət başçısı otuz ilə yaxın müddət ərzində torpaqlarımızın işğal altında olduğunu, Ermənistanın xalqımıza qarşı etnik təmizləmə siyasəti apardığını, yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarından didərgin salınaraq qaçqın, köçkün vəziyyətinə düşdüyünü, xalqımıza qarşı soyqırımı, ədalətsizlik, hərbi cinayətlər törədildiyini, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilərin isə məsələni həll etməyə yox, dondurmaq üçün səylər göstərdiklərini xatırlatmış, işğalla bağlı bütün beynəlxalq təşkilatlarda ucaltdığımız haqq səsimizə reaksiya verilmədiyini təəssüf hissi ilə qeyd etmişdir.
Bütün azad edilmiş torpaqlarda bərpa işləri aparılır. Ermənistan bu əraziləri viran qoyub, talan edib. Otuz il ərzində daşları bir-bir söküb həm Ermənistanda, həm də ki, Ermənistanın qonşu ölkəsində bazarlarda satdırıb.
Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib, artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb.
Dövlət başçısı bildirib ki, Ermənistan ordusunda son məlumata görə 10 min yox, 11 min fərari olmuşdur: “Bunu onlar yaddan çıxarmasınlar və yaddan çıxarsalar, biz onların yadına salacağıq. İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın. Yeni reallıqları hər kəs qəbul etməlidir. Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır. Çünki biz bəzi hallarda görürük, sanki heç müharibə olmayıb, sanki işğal olmayıb, sanki Ağdamı “Qafqazın Xirosimasına” döndərən olmayıb. Bunu unutmaq və bizə unutdurmaq istəyirlər. Bu, heç vaxt olmayacaq. İşğal reallıqları, müharibə reallıqları, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq. Ermənistana lazım deyilsə, bizə də lazım deyil. Ondan sonra görək, baxaq bunun axırı nə olacaq?!”
Azərbaycan Vətən müharibəsində qazanılmış zəfərin davamı olan quruculuq işlərini də uğurla başa çatdıracaq. “Qarabağ Azərbaycandır”!
Xəbəri paylaş