Xəbər lenti
30-11-2024, 18:35
 
24-11-2024, 19:50
 

Şeyxülislam həzrətlərinin xalqa Novruz təbriki 0

Tarix: 21-03-2023 23:00     Baxış: 919

Şeyxülislam həzrətlərinin xalqa Novruz təbriki


Bismillahir-rəhmanir-rəhim!

 

Əziz qardaş və bacılar, möhtərəm həmvətənlər!

Xalqımızın qədim, mübarək bayramı olan Novruz münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza Allah-Taaladan səadət və rifah, xoş əhval-ruhiyyə və bayram sevinci diləyirəm.

        Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan bayramlardandır. Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirmişdir. Bu gün varlığımız və salamatlığımız üçün Uca Yaradana həmd-səna edən bizlər Novruzu Allahın böyük Lütfü - təbiətlə insanın əbədi təkamülünün başlanğıc günü  kimi dəyərləndiririk.

Allaha çox şükürlər olsun ki, hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişafına, Zəfər yolumuzun davamına, azad Qarabağa Böyük qayıdışımıza rəvac verir. Xalqımız bu tərəqqinin təminatını möhtərəm dövlət başçımız Prezident Ilham Əliyev cənablarının qətiyyət və möhkəm iradə ilə yeritdiyi müzəffər dövlət siyasətində, müdrik islahatlarda, Qarabağda abad həyat quruculuğunda görür və bu uğurlu inkişaf yolunu təqdir edir. Dövlət rəhbərimizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə, İslami irsimizə, ümumbəşəri mədəniyyətə ehtiramlı münasibəti bu gün Qarabağda əsarətdən azad olunmuş dini-mədəni abidələrimizin bərpası sahəsində möhtəşəm quruculuq işlərində öz yüksək təzahürünü tapır. Mədəniyyət paytaxtımız Şuşadan və azad Qarabağ məscidlərinin minarələrindən azan səslərinin ucalması tarixi və ilahi ədalətin bərpasını tərənnüm edir. Bu mübarək günləri, Cidir düzündə bayram tonqallarının qalanmasını bizə, bütün xalqımıza yaşatdığına görə Uca Yaradana sonsuz həmd-sənalar edir, xalqımızın və qəhrəman ordumuzun qalib sərkərdəsinə dərin minnətdarlığımızı bildiririk!

           Əziz həmvətənlər! Uca Allahın inayəti, müzəffər Ali Baş Komandanın qətiyyəti, Şanlı Azərbaycan Ordusunun şücaəti, şəhid və qazilərimizin qəhrəmanlığı, bütövlükdə isə xalq və dövlət birliyi sayəsində əldə edilən bu Zəfərdən sonra bu gün azad edilmiş torpaqlarımızda yeni həyat yaradılır. Tarixi Qələbəmizin yaratdığı reallıqlar və Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Qərbi Azərbaycandan olan soydaşlarımızın da dədə-baba yurdlarına dönəcəyi barədə cəmiyyətimizdə böyük inam yaratmağa başlayıb. Bu inam onların qəlbində qubar bağlayan torpaq və yurd həsrətinə son qoyulacağının təsəllisinə, Vətənə qayıdış arzusunun dirçəlişinə çevrilməkdədir. Bu gün Qərbi azərbaycanlılar, onların yaxınları, uşaqları, nəvələri əzəli yurd yerlərinə qayıtmağın, əcdadlarının ermənilər tərəfindən dağıdılan məzarlarının, vaxtı ilə dədə-babalarının Allaha ibadət və itaət yeri olub sonradan ermənilərin məhv etdiyi məscidlərin yerləşdiyi torpaqları ziyarət etmək arzusunun gerçəkləşəcəyi ilə ümidləniblər. Bu, onların həm tarixi, həm mənəvi, həm də insani haqqıdır.

Bu əziz Novruz günlərində Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, ailələrinə, yaxınlarına başsağlığı vermək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləmək bizim vəfa borcumuzdur. Milli-mənəvi dəyərlərimizi yüksək dəyərləndirən Ulu Öndərimizi - bu il anadan olmasının 100 illiyini qeyd edəcəyimiz Heydər Əliyevi rəhmətlə yad edirik. Biz Qarabağda dalğalanan Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfalar arzulayırıq. Həmçinin elimizin qədim adətinə görə bayram ərəfəsində dünyadan gedənlərə rəhmət diləmək, valideynləri, ağbirçək və ağsaqqalları yada salmaq, imkansızlara, ehtiyacı olanlara yardım etmək, ailə məhəbbətini və dostluq tellərini möhkəmlətmək xalqımızın milli mədəniyyətinin ən gözəl nümunəsidir.

Əziz həmvətənlər! Bu il yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək, il Dovşan bürcü üstündə təhvil olacaq, bayram axşamı martın 20-də, mübarək Novruz bayramı isə martın 21-də qeyd ediləcəkdir. Uca Yaradana həmd-səna, süfrələrə xeyir-bərəkət, nemətlərə şükr duaları ilə Novruza qədəm qoyan xalqımızı bir daha təbrik edir, hər ailəyə xoşbəxtlik, hər evə rifah və əmin-amanlıq arzulayıram. Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərində bərqərar etsin, dövlət rəhbərimizi böyük zəfərlərlə mükafatlandırsın, bayrağımızı hər zaman uca məqamlara qaldırsın, ordumuzu daima güclü və müzəffər etsin! Novruzun qədəmləri mübarək, xalqımız üçün xeyirlərə vəsilə olsun! AMİN!

 

Bakı şəhəri

17 mart, 2023-cü il



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar