Ürfət Həsənov: Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir 0
Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gələn millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”. Ulu öndərin fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür.
Hələ 1990-cı ilin əvvəllərində özünün ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı. Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən qurtuldu, inkişaf yoluna qədəm qoydu. Qısa müddət ərzində bütün sahələrdə aparılan islahatlar, əldə olunan mühüm nailiyyətlər hər bir vətəndaşımızın həyatında özünü göstərməyə başladı. Digər dövlətlərin bəlkə də 50 ildə qazana bilmədiyi uğurlara Azərbaycan 10 il ərzində nail oldu. Əlbəttə ki, bütün bu uğurların düşünülmüş, gələcəyə hesablanmış və məqsədyönlü siyasətin nəticəsində qazanıldığını yaxşını pisdən ayırmağı bacaran Azərbaycan xalqı açıq-aydın görür və bu siyasəti hamılıqla dəstəkləyirdi.
Öz mənalı həyatının 60 ilini xalqına, onun inkişafına həsr edən, on il müstəqil Azərbaycan dövlətinə şərəflə xidmət edən ümummilli lider Heydər Əliyev Azərbaycanı dünyanın ən qabaqcıl ölkələrindən birinə çevirdi.
Ulu öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Ulu öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna minnətdardır. Ulu öndər yenidən hakimiyyətə qayıdarkən demişdi: "Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Bu dahi insan Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Umummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi yüksək fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır.
Əlbəttə ki, həmin dövr üçün mövcud olan geosiyasi vəziyyəti nəzərə alaraq qeyd etməliyik ki, Heydər Əliyev siyasətini davam etdirmək, kifayət qədər mürəkkəb regionda yerləşən Azərbaycanı Ulu Öndərin görmək istədiyi mövqelərə çıxarmaq olduqca çətin idi. Belə bir tarixi məqamda xalq İlham Əliyevin simasında öz yeni liderini görürdü. Belə bir əminlik yaranmışdı ki, Heydər Əliyevin müdrikliklə işləyib hazırladığı inkişaf strategiyasını məhz onun siyasi varisi İlham Əliyev reallaşdıra bilər.
Dövlətimizin başçısı İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” məqaləsində qeyd etdiyi kimi, dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 20 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub. Prezident İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaq.
Ürfət Həsənov,
YAP Goranboy rayon təşkilatının fəal.
Xəbəri paylaş